Gerb

26.04.2017 Mətnin ölçüsü Plus Minus

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz D.Əlfalihin rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Qonağı salamlayan energetika naziri Natiq Əliyev iki ölkə arasında 25 illik tarixə malik münasibətlərin müxtəlif sahələrdə uğurlu əməkdaşlıq nümunələri ilə zəngin olduğunu deyib. Natiq Əliyev Xalid Əbdüləziz D.Əlfalihin ölkəmizə səfərini və burada aparılan çoxşaxəli müzakirələri enerji əməkdaşlığında mühüm hadisə kimi dəyərləndirib. Nazir, həmçinin, OPEC çərçivəsində keçirilən tədbirlərdə nümayiş olunan qarşılıqlı dəstəyi və məsləhətləşmələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. İki ölkə arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu, ölkədə qəbul olunan dövlət proqramları və enerji sahəsində planlaşdırılan tədbirlərin əməkdaşlıq imkanlarının reallaşmasına təkan verəcəyini bildirib. Nazir Azərbaycanın neft-kimya, neft və qaz emalı sahəsində, eləcə də SOCAR və " Saudi Aramco" şirkətlərinin Türkiyə bazarında birgə iştirakı ilə bağlı Səudiyyə Ərəbistanına təkliflər edildiyini bildirib. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz D.Əlfalih isə Azərbaycan Prezidenti ilə görüşdə iki ölkənin gələcək əməkdaşlığı üçün bütün imkanların nəzərdən keçirildiyini və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı mühüm təşəbbüslərin irəli sürüldüyünü qeyd edib. Səudiyyə Ərəbistanının naziri qeyri-OPEC ölkəsi kimi Azərbaycanın dünya neft bazarında qiymət sabitliyinə nail olunması istiqamətində mühüm addımlar atdığını və prosesin davamlı olmasının vacibliyini qeyd edib: "Bizim məqsədimiz eynidir. Azərbaycan regionda hasilatın azaldılması ilə bağlı öhdəliyi yerinə yetirən lider ölkədir. Neft-qaz bazarında stabilliyin əldə olunması yalnız hasilatçılar üçün deyil, o cümlədən bütün bazar iştirakçıları üçün vacibdir". Onun sözlərinə görə, Azərbaycan neft hasilatını tələb edilən öhdəlikdən daha çox azaldıb. Həm Azərbaycan, həm də Səudiyyə Ərəbistanı öz öhdəliyinə sadiqlik nümayiş etdirir. “Öz öhdəliklərini artıqlaması ilə yerinə yetirdiklərinə görə, Azərbaycan, Səudiyyə Ərəbistanı, o cümlədən Anqola və digər ölkələrə böyük təşəkkür düşür. Biz digər ölkələri də həvəsləndirməliyik. Başa düşürük ki, bazar yalnız neft hasilatçılarının maraqları çərçivəsində inkişaf edə bilər. Tələb və təklif arasında artıq balans var. Ötən müddət ərzində təklifin həddindən artıq artması bazarda volatilliyə səbəb olmuşdu. Azərbaycan neft ixracatçısı olduğundan onun maraqları və fikirləri bizim üçün çox vacibdir. Mənim neft bazarı ilə bağlı optimist planlarım var. Düşünürəm ki, bazar bu il artıq tarazlaşacaq", - deyə nazir bildirib. Səudiyyə Ərəbistanının qeyri-neft sektorunun inkişafı istiqamətində də Azərbaycana dəstəyi ifadə edilib. "Azərbaycanla bizim ortaq dəyərlərimiz çoxdur. Lakin biz hər ikimiz istər ixrac, istər xarici valyutaya tələbimizə görə təbii ehtiyatlardan asılı ölkəyik. Buna görə də iqtisadiyyatın diversifikasiyası bizim üçün vacibdir. Biz bununla Azərbaycanla öz təcrübəmizi bölüşməyə hazırıq. Ümid edirəm ki, Səudiyyə Ərəbistanı Azərbaycana investisiya ilə yardım edəcək" - deyə Xalid Əbdüləziz D.Əlfalih bildirib. Onun sözlərinə görə, Azərbaycandakı filiz yataqlarının işlənməsi ilə bağlı da müzakirələr aparılıb. Görüşün yekununda jurnalistlərin sualları cavablandırılıb.


Facebook-da paylaş Printer