Gerb

04.05.2017 Mətnin ölçüsü Plus Minus

Energetika Nazirliyində Avropa Komissiyasının “EU4Energy” proqramı çərçivəsində Enerji Xartiyası Katibliyi ilə birgə hazırlanan “Enerjisəmərəliliyi və enerjieffektivliyi haqqında” qanun layihəsi ilə bağlı işçi qrupu səviyyəsində müzakirələr aparılıb. İşçi qrupunun ilk iclasında Enerji Xartiyası Katibliyi ilə yanaşı İqtisadiyyat, Ədliyyə, Rabitə, nəqliyyat və yüksək texnologiyalar, Ekologiya və təbii sərvətlər nazirlikləri, ”Azərenerji” ASC, “Azərişıq” ASC “Azəristiliktəchizat” ASC, Dövlət Statistika və Dövlət Şəhərsalma və Arxitektura komitələrinin nümayəndələri iştirak edib. Enerji resurslarından səmərəli istifadə ilə bağlı qanunvericilik aktının MDB ölkələri arasında ilk dəfə Azərbaycanda qəbul olunduğunu xatırladan energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib ki, 1996-cı ildə qüvvəyə minmiş “Enerji resurslarından istifadə haqqında” qanunun işləkliyi bir sıra çatışmazlıqlar və uzun müddət enerjidən istifadə sahəsində səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanının olmaması səbəbindən təmin edilməyib. Bildirilib ki, Energetika Nazirliyi yaradıldıqdan sonra qanunun icrası istiqamətində bir sıra tədbilər görülüb, “Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması, habelə fondun vəsaitlərinin istifadə qaydaları”, “Dövlət energetika ekspertizasının keçirilməsi qaydaları” işlənib hazırlanıb. Bununla belə mövcud qanunla enerji səmərəliliyi sahəsində müasir tələblərə cavab verən tədbirlərin həyata keçirilməsi mümkün deyil. O, Rusiya Federasiyası, Qazaxıstan və Moldovada enerji səmərəliliyi ilə bağlı yeni qanunun qəbul olunduğunu və bu sahədə elmi tədqiqatların aparılması üçün mərkəzlərin yaradıldığını qeyd edərək, Belarus təcrübəsini məqbul hesab edib. Nazir müavini yeni qanunun qəbulunun enerji resurslarının istehsalı, təchizatı və istehlakına qədər bütün mərhələlərdə səmərəliliyi və effektivliyinin təmin edilməsinə imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, yeni qanun həm də Srateji Yol Xəritəsində əksini tapan hədəflərə çatmağa dəstək olacaqdır. Avropa İttifaqının nümayəndəsi Erik Somoler Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlardan və müzakirələrdə enerji məsələsinə xüsusi diqqət yetirilməsindən bəhs edib. O, Avropanın enerji təchizatının bir ölkədən asılılığının doğurduğu çətinlikləri qeyd edərək, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi ilə layihənin daha böyük coğrafiyaya fayda gətirəcəyini bildirib. Enerji səmərəliliyinin 20 il əvvəllə müqayisədə indi zərurətə çevrildiyini deyən Avropa İttifaqının nümayəndəsi yeni texnologiyaların tətbiqi ilə enerji səmərəliliyinin 5-ci yanacaq növü kimi müəyyənləşdiyini diqqətə çatdırıb. “EU4Energy” layihəsinin koordinatoru xanım Bilyana Çobanova isə enerji səmərəliliyinin 1-ci yanacaq növü kimi qəbulunun tərəfdarı kimi çıxış edib. Onun sözlərinə görə, əgər ölkədə enerji səmərəliliyinə nail olunarsa, bu zaman topalanan enerjinin həcmi istehsal olunan neft, qaz və elektrik enerjisidən daha çox ola bilər. Yüksək texnologiyalardan istifadə etməklə enerji səmərəliliyi enerjidən istifadəni azaltmaqla, ixrac imkanlarını artırmaqla yanaşı iqlim dəyişikliklərinə də təsir göstərəcək. Sonra Enerji Xartiyası Katibliyinin məsləhətçisi Vaqif Nəsibov “Enerjisəmərəliliyi və enerjieffektivliyi haqqında” qanun layihəsinin hazırlanmasının aktuallığını əks etdirən təqdimatla çıxış edib. Vaqif Nəsibov bildirib ki, İNOGATE proqramı üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətləri müəyyənləşdirilərək, Aİ-nin Enerji Birliyinə təqdim edilib. ”Energetika sektorunun strateji inkişaf planının əsas istiqamətlərindən biri də qanunvericilik və normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsidir. Bu məqsədlə elektrik enerjisi, təbii qaz üzrə tənzimlənən daxili bazar haqqında qanun layihələri, o cümlədən daxili enerji bazarlarını (elektrik və təbii qaz üzrə) tənzimləyən “Müstəqil tənzimləyici orqan” haqqında qanun layihəsi, həmçinin elektrik enerjisi və təbii qaz üzrə “Şəbəkə Məcəllələri”nin hazırlanması nəzərdə tutulub. Eyni zamanda elektrik enerji və təbii qaz sistemləri strukturlarının qanunvericilikdə nəzərdə tutulan bazar subyektləri əsasında yenidən qurulması və son tələbatçıların və digər bazar subyektlərinin maraqlarını əks etdirən, bölüşdürülə bilən, məhsulun və xidmətin maya dəyərinə əsaslanan (X-faktorla) elastiki tariflər sisteminin yaradılması təklif edilib. Vaqif Nəsibov yeni qanunda sahələr üzrə enerji səmərəliliyinin və tariflərin əks olunmasının vacibliyini diqqətə çatdırıb. Daha sonra Enerji Xartiyası Katibliyinin koordinatoru Aleksandr Antonenko qanun layihəsinin struktur və əsas elementləri barədə təqdimat edib. A. Antonenko hesab edir ki, enerji effektivliyi yalnız energetika ilə məhdudlaşmır. Bu yeni investisiya, qənaətedilmiş enerji resurslarının ixracı, yeni iş yerləri, evlərdə rahat mühitin yaradılması, yerli biznesin rəqabətqabiliyətinin artırılması, enerji ödəmələrinə çəkilən xərclərin azalması və ekoloji vəziyyətin yaxşılaşması kimi başa düşülməlidir. Yeni qanunda enerji auditi, sertifikatlaşdırılma, enerji menecmenti, cavabdeh orqanın yaradılması,, enerji səmərəliliyi ilə bağlı milli fəaliyyət planı, , enerjinin intellektual hesablanma sistemi, binalarda enerji səmərəliliyinə maksimal tələblər, ekodizayn və energetik markalanma kimi məsələrin yer almasının mühümlüyü əsaslandırılıb. Yekunda qanun layihəsinin hazırlanması ilə bağlı müzakirələrin işçi qrupunun növbəti iclaslarında davam etdirilməsi razılaşdırılıb.


Facebook-da paylaş Printer