Gerb

Mətnin ölçüsü Plus Minus

Əliyev Natiq Ağa Əmi oğlu


Natiq Ağa Əmi oğlu Əliyev Azərbaycan Respublikasının Baki şəhərində 23 noyabr 1947-ci ildə anadan olmuşdur.
1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə bitirmişdir.
İnstitutu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləmişdir.
N.A.Əliyev 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləmişdir.
1979-cu ildə “Xəzərneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləmişdir.
1993-cü ildən 2005-ci ilə qədər N.A.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri idi.
1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olmuşdur.2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilmişdir.
2005-2013-cü illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Naziri vəzifəsində işləmişdir.
22 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Energetika Naziri vəzifəsinə təyin edilmişdir.
N.A.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunmuşdur.O, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir, 2008-ci ildən iqtisad elmlər doktorudur.
N.A.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.A.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür.
2009-cu ildən “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının redaksiya heyətinin müxbir üzvüdür.Həmçinin 2012-ci ildə nəşr edilmiş “Böyük İqtisadi Ensiklopediya”nın redaksiya heyətinin üzvüdür.
Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, Azərbaycan Respublikasının “Əməkdar mühəndis” fəxri adı, Müstəqil Dövlətlər Birliyinin “Əməkdar energetiki” fəxri adı, Gürcüstanın “Şərəf ” ordeni, Fransanın “Milli Fəxri Legion” ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Qazaxıstanın “Kurmet” ordeni, “Qazaxıstanın müstəqilliyinin 20 illiyi” medalı, Beynəlxalq Akademiyaların orden və medalları, “Beynəlxalq münasibətlərdə Rumıniyanın və ümumdünya dəyərlərin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Rumıniyanın Fəxri Diplomu” ilə təltif olunmuşdur.
N.A.Əliyev evlidir, bir oğlu var.



Telefon: (012) 5981675
E-Poçt: minenergy@minenergy.gov.az


Printer