Elektroenergetikanın inkişafının birinci mərhələsi

 

Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapmışdır. Beləki, ilk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa olundu ki, bu stansiyanın istehsal etdiyi elektrik enerjisi əsasən istehsalatdakı tələbatın ödənilməsinə yönəldilmişdi. Ölkənin işıqlandırılmasında bu enerjinin cüzi bir hissəsindən istifadə olunurdu.

1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verildi. 1913-cüildə Bakı rayonunda 109,8 min kVt.saat elektrik enerjisi istehsal edilirdi ki, onun da 95 %-i neft sənayesinə, yalnız 5 %-i ölkənin işıqla təminatına yönəldilmişdi.

Birinci dünya müharibəsi ərəfəsində “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edirdi. Bu stansiyalardan ən böyüyünün - Qara şəhərdəki stansiyanın gücü isə 34,4 MVt-a bərabər idi. İnqilabdan sonra 1920-ci ildə azsaylı elektrik müəssisələri milliləşdirildi. Milliləşdirilmiş energetika müəssisələrinin tərkibinə, “Qara şəhər”də və Bayıl qəsəbəsində yerləşən iki istilik elektrik stansiyası və gərginliyi 0,4-2,0kVt olan paylayıcı şəbəkə daxil edildi. Bakı rayonunda neftin çıxarılmasının və onun emalının tam elektrikləşdirilməsi məqsədi ilə Bayıl qəsəbəsində və Qara şəhərdə, hər birinin gücü - 20 MVt olan üç turboaqreqatın istismara verilməsi, mövcud enerji güclərinin yenidən qurulması və elektrik stansiyalarının qaz yanacağı əsasında iş rejiminə keçirilməsi nəzərdə tutulurdu.

Şəki şəhərində ipək-toxuculuq sənayesinin inkişafı ilə əlaqədar gücü 1660 kVt olan Şəki SES-in layihələndirilməsi işi başa çatdırıldı. Qubada konserv zavodunun tikintisi ilə əlaqədar olaraq gücü 1152 kVt olan SES-in tikintisinə başlanıldı. Zurnabad, Qusar SES-ləri də həmin dövrdə tikilib istifadəyə verildi. 1935-ci ildə elektrik stansiyalarının ümumi gücü - 176,6 MVt-a,elektrik enerjisinin istehsalı isə - 937 min kVt.saata çatdırıldı. Həmin ildə ölkənin baş energetika idarəsi – indiki “Azərenerji” yarandı və respublikada fəaliyyət göstərən bütün energetika müəssisələri onun tabeçiliyinə verildi.

40-cı illərdə dərin neft quyularının qazılması və istismarı enerji sisteminin gücünün də artırılmasını yeni enerji güclərinin istismara verilməsini zəruri etdi. Bu illərdə Bayıl qəsəbəsindəki L.Krasin adına Dövlət Rayon Elektrik Stansiyası (Krasin adına DRES) və Qırmızı ulduz İstilik- Elektrik Mərkəzi (indiki Ə.Bayramzadə adına 1 saylı Bakı İEM) istismara buraxıldı. 1940-cı ildə respublikada fəaliyyətdə olan elektrik stansiyalarının qoyuluş gücü 250 MVt-a, elektrik enerjisinin istehsalı isə 1,7 mlrd. kVt.saata çatdırıldı. 1941-ci ildə isə Azərbaycanda ilk 1 saylı Sumqayıt İEM istismara verildi.

Respublikada su-enerji mənbələrindən məqsədyönlü istifadə sisteminə keçid isə faktiki olaraq Mingəçevir su qovşağının tikintisi ilə bağlıdır. Tikintisi Kür çayı üzərində nəzərdə tutulan su elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir SES 1954-cü ildə istifadəyə verildi. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxıldı. Kür çayı axarı istiqamətində 14 km aşağıda yerləşən və qoyuluş gücü - 16,5 MVt olan bu stansiya Mingəçevir SES-dən buraxılan su sərfinin tənzimləyicisi işini yerinə yetirir. 2017-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Varvara SES yenidən qurulmadan sonra istismara buraxıldı.

Qoyuluş gücü 168,8 MVt olan “Şimal” DRES birinci növbəsi 1954-cü ildə istifadəyə verildi. 1960-cı ildə bu stansiyada, SSRİ-də ilk dəfə gücü-150 MVt olan açıq tipli enerji bloku istismara buraxıldı. 1962-ci ildə 1 saylı Sumqayıt İEM-in 11-ci turboaqreqatı istifadəyə verildi ki, bununla da stansiyanın qoyuluş gücü 450 MVt-a çatdırıldı.

1959-cu ildə Əli-Bayramlı şəhərində Avropada ilk dəfə olaraq əsas avadanlıqları açıq havada quraşdırılan, böyük gücdə Əli-Bayramlı DRES (indiki Şirvan İES) tikintisinə başlanıldı. Hər birinin gücü 150 MVt olan dörd enerji bloklu DRES-in birinci növbəsinin istismara verilməsi,

Azərbaycanın elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, 1964-1965-ci illərdə qonşu Cənubi Qafqaz respublikalarına da 1,7 mlrd. kVt.saat elektrik enerjisi ötürməyə imkan yaratdı. Hazırda yüksək yanacaq sərfinə malik olan Şirvan İES-in istismardan çıxarılması nəzərdə tutulur.

Elə həmin illərdə Sumqayıt sənaye rayonunun, istilik və elektrik enerjisinə artmaqda olan tələbatını ödəmək məqsədi ilə 2 saylı Sumqayıt İstilik-Elektrik Mərkəzinin (2 saylı Sumqayıt İEM) tikintisinə başlanıldı. Birinci turboaqreqat 1966-cı ildə, axırıncı isə 1972-ci ildə istismara verildi və stansiyanın ümumi qoyuluş gücü 220 MVt-a çatdırıldı.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.