“Cənub Qaz Dəhlizi” layihəsinin icrası və layihənin regional qarşılıqlı təsirləri


“Cənub Qaz Dəhlizi” “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qazın Xəzər dənizindən Türkiyəyə oradan da Avropaya nəql edəcək 3 min 500 kilometr uzunluğa malik ən nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan və Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri təşkil edir.

TAP super2

Azərbaycanın qaz ehtiyatları Avropa üçün yeni imkanlar kimi qəbul olunur. Bu imkanın reallığa çevrilməsi isə qazın Avropaya nəqli marşrutlarının düzgün seçilməsini zərurətə çevirirdi. Azərbaycan və Türkmənistan qazının Rusiyadan yan keçməklə Avropaya nəqli üçün nəzədə tutulmuş “Nabucco” qaz kəməri layihəsi uzun müddət müzakirə edildi. “Nabucco” ilə yanaşı, İTGİ və TAP Azərbaycan qazının Avropaya çıxarılması üçün təklif edildi. Lakin 250 milyon avro dəyərində qiymətləndirilən “Nabucco” siyasi və iqtisadi rəqabətə davam gətirməyərək sıradan çıxdı. 2011 -ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz tarixi hadisə olan TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başladı. 2012-ci il iyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzaladı. Nəhayət 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində prezident İlham Əliyev demişdir: “Bu layihənin reallaşması nəticəsində uduzan tərəf olmayacaq. Hər kəs mənfəət əldə edəcək. Tranzit, eyni zamanda istehlakçı sayılan ölkələr də qazın nəqlinin diversifikasiyasına nail olacaqlar. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini təmin edəcək.”

Bu layihəyə 7 hökumətin birbaşa marağı var. 11 şirkət layihənin bir və ya bir neçə hissəsində iştirak payına malikdir. Layihə vasitəsilə 11 qaz alıcısı böyük yeni qaz həcmlərinin alınmasına cəlb olunacaq. 
Neft strategiyası ilə regionun yeni enerji xəritəsini müəyyənləşdirmiş Azərbaycan dövləti dünyanın enerji tarixinə “21-ci əsrin müqaviləsi” kimi yazılan, Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının şaxələndirilməsi və tədarükü üzrə əsas layihə kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin təməlini qoymaqla qarşıdakı yüz ildə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi daha bir tarixi status qazanmış oldu.

“Cənub qaz dəhlizi” layihəsi təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin olaraq illik gücünün 24 milyard kubmetrədək artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
İlkin qazın 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, dənizin 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri uğurla həyata keçirilir.

“Şahdəniz II Mərhələ” layihəsi Azərbaycan neft-qaz sənayesi tarixində bütün tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. Eyni zamanda bu layihə çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində sualtı infrastruktur yaradılır.

2016-cı il sentyabrın 1-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz II Mərhələ” platformasının birinci dayaq blokunun dənizə yola salınmasına həsr olunmuş təntənəli mərasim keçirilib. BOŞ Shelf, Star Gulf və Saipem konsorsiumu tərəfindən inşa edilmiş HDB dayaq bloku Bakı Dərin Özüllər Zavodunun sahəsində yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə bütövlüklə ölkə daxilində tikilib. Bu dayaq blokunun tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 4700 nəfərdən çox insan cəlb edilibi və işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
1428320356611Azərbaycan Respublikası Prezidentin iştirakı ilə 2017-ci ilin 18 may tarixində Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi, iyunun 1-də isə “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti- quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi keçirilib.

AMEK-Tekfen-Azfen konsorsiumu tərəfindən inşa edilən yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə 5 min nəfərdən çox işçi cəlb edilib. İşçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.

Birinci platformanın üst tikililərinin dənizə yola salınması nəhəng “Şahdəniz 2” layihəsinin uğurla, təhlükəsiz, büdcədən xeyli az vəsait xərcləməklə və qrafikə uyğun başa çatdırılması istiqamətində mühüm bir hadisədir. Xəzərdə ən böyük və ən müasir konstruksiyalardan biri olan bu üst tikililər çox yüksək texniki təhlükəsizlik göstəriciləri ilə inşa edilib.

“Şahdəniz-2” layihəsi çərçivəsində əldə edilən uğurlardan biri də “Xankəndi” sualtı tikinti gəmisinin inşası olub. 2017-ci ilin 6 sentyabr tarixində Ölkə Prezidentinin iştirakı ilə Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən, Xankəndi şəhərinin adı verilmiş, müasir standartlara cavab verən, 2017-2027-ci illərdə “Şahdəniz- 2” layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcək nəhəng sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işləri aparıla bilər. Hazırda burada ikisi bərə, ikisi tanker olmaqla dörd yeni gəmi tikilir.

“Xankəndi” gəmisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəlib. “Şahdəniz” qaz yatağının işlənilməsində bu gəminin əvəzsiz xidməti olacaq. Bu gün, dünyada bu tipdə cəmi 10 gəmi mövcuddur ki, onlardan biri də Azərbaycanda tikilən “Xankəndi” gəmisidir. Qeyd etmək lazımdır ki, “Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb və onların 75 faizini yerli mütəxəssislər təşkil edib. Gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti Azərbaycan mütəxəssisləridir.

olgas.az 2017 09 06 10 47 08 800x600

Ötən dövrdə “Şahdəniz-2” layihəsi çərçivəsində işlərin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80 faizindən çoxu yerli vətəndaşlar olub.
Hazırda Azərbaycandakı bütün tikinti-quraşdırma və istehsalat sahələrində, həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı AMEK-Tekfen-Azfen sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

İlk qazın nəql edilməsinə, həmçinin sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə, artıq 16 sualtı quyu qazılıb. 2018-ci ilin ortalarında isə artıq “Şahdəniz II Mərhələ” dən hasil ediləcək qaz Türkiyəyə ixrac olunacaq.

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Layihə üzrə işlərə 2013-cü ildə başlanıb. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Gürcüstan və Türkiyə sərhədində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq. Boru kəməri 2018-ci ildə istismara verildikdən sonra il ərzində 23.46 milyard kub metrə qədər qaz ixrac edəcək.

Azərbaycanda və Gürcüstanda əsas boru kəməri xəttinin inşası, hər iki kompressor və nəzarət-ölçü stansiyasılarında tikinti-quraşdırma işləri tamamlanıb və istismar sınaqları aparılır.
Gürcüstan-Türkiyə sərhədindən başlayacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər davam edəcək 1850 kilometrlik uzunluğunda Transanadolu Qaz Boru Kəməri (TANAP) regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. Bu layihə əlavə 6 milyard kub metr qazın verilməsi ilə Türkiyəyə, digər mənbələrdən alınan idxal qazından asılılığına son qoymağa kömək edəcək. Digər tərəfdən, TANAP-la nəql olunan qaz daha ucuz başa gələcək.

TANAP layihəsi hazırda həyata keçirilən ən böyük investisiya layihəsidir.

2015 -ci ildə Türkiyənin Qars şəhərində təməli qoyulmuş bu kəmər, boruların diametri və xəttin uzunluğu baxımından indiyədək dünya miqyasında gerçəkləşdirilən ən böyük təbii qaz boru xətti layihələrindən biri olacaq. Layihə üzrə işlərin icrası hazırda uğurla davam etdirilir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər müvəffəqiyyətlə davam etdirilir.

2016 -cı ilin may ayının 17-də Yunanıstanın Saloniki şəhərində Trans- Adriatik Boru Kəmərinin (TAP) təməli qoyulub. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq, Yunanıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanan bu kəmərin tikilməsi ilə enerji dəhlizinin yaradılması başa çatdırılacaq. Bu kəmər Avropa bazarına Azərbaycan qazının daşınması üçün kifayət qədər potensiala malik olacaq və Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək.

news01

13 fevral 2013-cü il tarixində İtaliya, Yunanıstan və Albaniya Hökumətləri arasında Transadriatik boru kəməri (TAP) layihəsinə dair Hökumətlərarası Saziş imzalanıb. 20 may 2015-ci il tarixində İtaliya Hökuməti tərəfindən TAP boru kəmərinə “Vahid İcazə Sənədi” verilib.

TAP-ın inşasına 2016-cı ilin mayında başlanılıb. Həmin ilin yayında TAP marşrutu boyunca partlamamış hərbi sursatın olub-olmadığını yoxlamaq məqsədilə arxeoloji kəşfiyyatlar, eləcə də xətt üzrə bitən zeytun ağacları üçün fitosanitar tədbirlər aparılıb. 2016-cı il oktyabrın əvvəlində San Foka çimərliyində, dekabrda isə mikrotunelin tikintisi üzrə bütün geoloji tədqiqatlar yekunlaşıb.

2017- ci ilin martın 27-də İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib. Martda mikrotunelin tikiləcəyi ərazidən 231 zeytun ağacının ilk partiyasının köçürülməsinə başlanılıb. 2017-ci il aprelin 6-da Latsio vilayət məhkəməsi TAP-ın tikintisi üçün İtaliya Ekologiya Nazirliyinin Apuliya regionunun Melendunyo şəhərində boru kəmərinin marşrutu üzərindəki zeytun ağaclarının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Bundan sonra zeytun ağaclarının köçürülməsi işləri dayandırılıb. Aprelin 20-də isə İtaliya məhkəməsi Latsio vilayət məhkəməsinin qərarını ləğv edib. Bundan sonra TAP konsorsiumu İtaliyada boru kəməri marşrutu üzrə zeytun ağaclarının köçürülməsinə yenidən başlayıb.

TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində 2017-ci ilin mart-iyulunda mikrotunelin tikiləcəyi ərazidən 210 zeytun ağacı çıxarılıb.Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq, onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi başa çatdıqdan sonra zeytun ağacları öz yerlərinə əkiləcək.

TAP-ın dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası da sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. Bundan başqa Ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin İtaliya ərazisində meşələrdəki tikinti dəhlizinin eni 18 metrə endirilib. TAP-ın bu ölkədə digər ərazilərdəki tikinti dəhlizinin eni 38-28 metr təşkil edir.

Bölgədə turizmə təsirlərin qarşısını almaq məqsədilə yay mövsümündə İtaliya sahilləri boyunca tikinti işləri yerinə yetirməyib. TAP yenidən italiyada tikinti işlərinə başlamağa hazirlaşir. Bu işlərə giriş yolunun inşasi və mikrotunelin tikintisi üçün xəndəyin qazilmasi daxildir. italiya konstitusiya məhkəməsi də tap qaz boru kəmərinin Puqlia vilayətində tikintisinə icazə verib.

Boru kəmərinin dəniz hissəsi 2018-2019-cu illərdə inşa ediləcək. Boru kəmərinin TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.

“Trans-Adriatik” (TAP) qaz boru kəməri 2020-ci ildə İtaliyanın Avropanın təbii qaz mərkəzinə çevrilməsinə kömək edəcək. TAP, həmçinin təchizatın təhlükəsizliyinə mühüm töhfə verir, bazarda daha uyğun qiymətlərlə etibarlı, təhlükəsiz və çevik qaz təchizatı baxımından böyük əhəmiyyətə malikdir. Boru kəməri Balkan ölkələrində və Qərbi Avropada 7 milyon ailənin təbii qaza olan ehtiyacını ödəyəcək.
Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP yeni təchizat mənbələrinə çıxış üçün strateji əhəmiyyətə malikdir.

Bir sıra ölkələri Azərbaycan qazı ilə təmin edəcək TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin etmək iqtidarında olacaq. Yunanıstan- Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria - IGB) Bolqarıstana Azərbaycan “Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən qazın çatdırılmasına imkan verən qaz boru kəməridir. IGB-nin ilkin ötürmə gücü 3 milyard kubmetr qaz olacaq. Layihənin dəyəri təxminən 240 milyon avro ətrafında qiymətləndirilir. 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddə bir hissəsini ödəyəcək. 2017-ci ildə Bolqarıstan hökuməti Azərbaycan təbii qazının bu ölkəyə nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisinə icazə verib. Sənədə əsasən, təsdiq olunmuş layihəyə uyğun olaraq nəzərdə tutulan tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün podratçıya icazə verilib.

Azərbaycan qazını Bolqarıstana nəql edəcək IGB interkonnektorunun 2019-cu ilin sonunda istismara verilməsi planlaşdırılır.

Bundan başqa tikintisi planlaşdırılan İonik-Adriatik boru kəməri (IAP) ilə Azərbaycan qazı Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çatdırılacaq. 2016-cı il avqustun 25-26-da baş tutan “Dubrovnik Forumu” çərçivəsində Dövlət Neft Şirkəti ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik boru kəməri layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.
Enerji strategiyasının məqsədi, çox güclü, genişmiqyaslı qaz dəhlizi formalaşdırmaqdır. Xəzərin Azərbaycan sektorunun qaz-kondensat ehtiyatları ilə zəngin olduğu nəzərə alınaraq, “Cənub qaz dəhlizi” sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin, o cümlədən, TAP-ın ötürücülük gücü artırıla bilsin.Gələcəkdə Türkmənistan və Qazaxıstan Avropa bazarına öz böyük qaz resurslarını ixrac etmək üçün həyata keçirilən infrastrukturdan istifadə edə bilər. Eləcə də İran və İraqın da qaz və enerji ehtiyatlarının əlavə edilməsi mümkündür. Bu, Xəzər dənizindən Avropanın ürəyinə uzanan yolda bütün ölkələrə fayda gətirməsi üçün nəzərdə tutulan unikal bir layihədir.

“Cənub Qaz Dəhlizi”-nin əsas infrastrukturunun 2019-2020-ci illərdə istismara verilməsinə nail olmaq Azərbaycan kimi Avropanın da əsas strateji hədəflərindəndir. Bu baxımdan müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasınin yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş və Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılmışdır.

2015-cii fevralın 12-də ölkəmizdə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk, 2016-cı il fevralın 29-da ikinci və 2017-ci il fevralın 23-də isə üçüncü iclası keçirilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2017-cı ilin fevralın 23- də “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı çox böyük uğurla keçib və Azərbaycan bir daha öz liderlik rolunu nümayiş etdirib. Məşvərət Şurası toplantısının yekunları ilə bağlı 12 ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Xorvatiya, Monteneqro, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa Komissiyasının rəsmiləri tərəfindən Birgə Bəyannamə imzalanıb. Bəyannamədə iştirakçılar Azərbaycandan Gürcüstana, Türkiyəyə və daha sonra Avropa ölkələrinə qazın etibarlı və dayanıqlı təchizatını təmin etməkdən ötrü Cənub Qaz Dəhlizi istiqaməti üzrə yerləşən ölkələlərlə enerji resurslarının daşıyıcıları, təchizatçıları və istehlakçıları arasında uzunmüddətli strateji əlaqələri davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bəyan edib və 2015-ci ilin 12 fevral və 2016-cı ilin 29 fevral tarixlərində Bakıda nazirlər səviyyəsində keçirilmiş 1 -ci və 2-ci toplantılardan bəri bu layihənin həyata keçirilməsində əldə olunmuş əhəmiyyətli nailiyyətləri alqışlayaraq, tikintinin yubanmadan başa çatdırılması üçün zəruri olan bütün prosedurların son təsdiqlənməsində aidiyyəti ölkələrin bundan sonrakı səylərinin dəstəkləyiblər. Həmçinin, Yunanıstan-Bolqarıstan Birləşdirici Boru Kəməri, İonik-Adriatik Boru Kəməri və Türkiyə-Bolqarıstan layihələrindəki maraqlarını da müdafiə ediblər.

Bildirilib ki, mövcud olan və planlaşdırılan infrastruktur sahibləri ilə, o cümlədən Mərkəzi və Cənub-Şərqi Avropada Qazötürücü Şəbəkənin İnşası struktruru (CESEC) çərçivəsidə əməkdaşlıq üçün texniki və kommersiya imkanlarının qiymətləndirilməsi yolu ilə “Cənub qaz dəhlizi”nin Enerji İcmasının Balkanlardakı ölkələr kimi digər bazarlara, o cümlədən Avropa İttifaqının hüdudlarından kənara genişləndirilməsinə rəvac verməyə davam etdiriləcək.

Bununla yanaşı, Azərbaycanın təhlükəsiz, etibarlı, rəqabətədavamlı və əlçatan enerjinin Gürcüstan, Türkiyə və Avropadakı müştərilərinə çatdırmaq səyləri ilə “Cənub qaz dəhlizi”nin təkanverici qüvvəsi kimi strateji rolu, Azərbaycanda Avropanı əlavə qaz həcmləri ilə təmin edə bilən işlənməmiş əhəmiyyətli qaz ehtiyatlarının olması və “Cənub qaz dəhlizi”nin növbəti inkişaf mərhələsində Azərbaycanın və investisiya şirkətlərinin Abşeron, Ümid, Babək, Qarabağ, Dan Ulduzu, Əşrəfi və digər layihələrinin işlənməsinə kömək etmək qərarı, eləcə də Şahdəniz yatağının işlənməsinə dair HPBS-nin müddətinin 2048-ci ilədək, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənlməsinə dair HPBS-nin müddətinin 2050-ci ilədək uzadılmasına dair əldə olunmuş razılıqlar nəzərə alınıb. Türkiyə və Gürcüstanın ərazilərindəki enerji layihələrinin və Xəzər dənizindən Avropaya qədər uzanan nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyətinin təmin edilməsində, Albaniya, Yunanıstan və İtaliyanın Trans- Adriatik Boru Kəməri layihəsinin icra olunmasında irəliləyişə görə xüsusi rolu qiymətləndirilib. Amerika Birləşmiş Ştatlarının Xəzər Dənizindən Avropaya nəqliyyat dəhlizinin, “Cənub qaz dəhlizi”nin inkişaf etdirilməsinə və Xəzər regionunda ümumi təhlükəsizliyə davamlı dəstəyi, Xorvatiya, Monteneqro, habelə Bosniya və Herseqovinanın nümayəndə heyətlərinin iclasda müşahidəçi qismində iştirakı və CQBK, TANAP və TAP layihələrinin Avropa İttifaqının Ümumi Maraq Layihələrinin siyahısına daxil edilməsi mühüm məqamlar kimi nəzərə alınıb.

Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolu qeyd edilmiş Bəyannamənin əsas mahiyyəti əlaqələndirmə işlərinin bundan sonra da davam etdirilməsidir. Bununla, artıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və tanınır ki, ölkəmiz tərəfindən təşəbbüs göstərilməsəydi və maliyyə vəsaiti ayrılmasaydı, “Cənub qaz dəhlizi” gözəl ideya kimi hələ qalacaqdı və bunu onilliklər bundan sonra da müzakirə ediləcəkdi. Bu ideya artıq reallığa çevrilir. “Cənub qaz dəhlizi” ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımız ixrac edilsin. Mühüm strateji əhəmiyyət daşıyan “Cənub qaz dəhlizi” layihəsi həm də gələcəkdə Orta Asiya ölkələri, Misir, İraq və İran təbii qazının Avropa ölkələrinə ixracına imkanlar yaradacaq, Avropanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, Azərbaycanı enerji ölkəsi kimi mövqeyini daha da gücləndirəcəkdir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.