Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti  ilə görüş keçirilib

 

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Azərbaycanla AİB arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri, bu çərçivədə həyata keçirilən  elektrik şəbəkəsinin yenidən qurulması, üzən günəş panelləri sistemi ilə bağlı enerji layihələri barədə danışaraq, bankın ölkəmizin enerji sektoruna dəstəyini yüksək qiymətləndirib.

Energetika naziri ölkənin bərpa olunan enerji potensialı və ondan istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, yaxın illərdə enerji istehsalında bərpa olunan enerjinin payının artırılması imkanları barədə ətraflı məlumat verib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlər ölkəmizdə bərpa olunan enerji sektorunda əməkdaşlığa maraq göstərir. Xarici investisiyanın cəlbinə nail olmaq üçün  əllverişli mühitin yaradılması vacibdir.

Aşok Barqava bərpa olunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirilib ki, bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerjisidən istifadə, eləcə də enerji səmərəliliyi üzrə layihələrdə iştirak bankın diqqətindədir. Bank bu məqsədlə həyata keçiriləcək layihələrə texniki və maliyə dəstəyi göstərməyə hazırdır.

Görüşdə  əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.