Energetika naziri Pərviz Şahbazov ADA Universitetində çıxış edib

 

Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxış edib. Energetika naziri “Azərbaycanın enerji siyasətinin bu günü və gələcəyi” mövzusunda məruzəsində ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyillərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən bəhs edib. Azərbaycanın neft siyasətinin formalaşması Ulu Öndər Heydər Əliyevin “Neft Strategiyası”ilə bağlıdır deyən nazir, bu strategiyanın neft-qaz ölkəsi kimi uzunmüddətli inkişafda mühüm rolunu, həyata keçirilən qlobal enerji layihələrinin strateji əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi ölkəmizin neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb ki, bunun da, təxminən, 85 mlrd. dollara yaxını xarici investisiyanın payına düşür.

Nazir Pərviz Şahbazov qlobal enerji transformasiyası prosesinin bərpa olunan enerji və enerji səmərəliliyinin rolunu gücləndirdiyini, son illərdə dünyada enerji istehlakında elektrik enerjisinin payının artdığını söyləyib. Bərpa olunan enerjidən istifadə sahəsində və enerji səmərəliliyində əhəmiyyətli nəticələrə və elektroenergetika sektorunda bazar münasibətlərinin yaradılmasına nail olmağı ölkəmizin hazırki və gələcək enerji siyasətinin hədəfləri kimi qeyd edib. Nazir enerji siyasətimizin bu hədəflərinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamının əhəmiyyətini yüsək qiymətləndirib. Hazırda bu istiqamətdə görülən işlər, hazırlanan yeni qanunlar və ölkənin enerji sektorunun uzunmüddətli inkişaf strategiyası ilə bağlı planlar diqqətə çatdırılıb.

Sonra iştirakçıların ünvanladıqları suallar ətrafında müzakirələr aparılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.