“ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb 

 

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələri Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Mohammad Abunayyan və “Masdar” şirkətinin İcraçı direktoru Mohammed Jameel Al Ramahi imzalayıb.

İmzalanma mərasimində çıxış edən Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizdə enerji təhlükəsizliyinin tam təmin edildiyini deyib.

“Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub. Bu gün, burada xarici şirkətlərlə yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək”, - Baş Nazir Əli Əsədov qeyd edib.

Energetika naziri Pərviz Şahbazov deyib: “Elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi Azərbaycan Respublikası Prezidentinin diqqət yetirdiyi prioritetlərdən biridir. Bu gün bu müqavilələri imzalamaqla ölkəmizdə bərpa olunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlayırıq. Azərbaycanda bərpa olunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız kimi “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığımız dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərimizə, qarşılıqlı maraqlarımıza töhfə verəcək.” 

“ACWA Power” şirkətinin İdarə heyətinin sədri Mohammad Abunayyan deyib: “Azərbaycan hökuməti ilə bu müqaviləni imzalamaqdan qürur duyuruq. Bu layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə bərpa olunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcəkdir."

“Masdar” şirkətinin İcraçı direktoru Mohammed Jameel Al Ramahi deyib: “Dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti, 200 MVt-lıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaş olmaqdan məmnundur. On ildən artıq təcrübəmizlə biz də Azərbaycan hökumətinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdən qürur duyuruq.”

Muqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən,   illik 1,4 mlrd. kvt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. 

Qeyd edək ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq,  intensiv müzakirələr aparılıb. “ACWA Power”  və  “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi  şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə  şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, 2019-cu ilin 31 oktyabr tarixində şirkətlərin təklifləri olan zərflər açılıb.  “ACWA Power” və “Masdar” şirkətləri ilə  pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.

Layihələrin icrasına hazırlıq məqsədilə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cı il  05 dekabr tarixli  1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupları tərəfindən  tədbirlər həyata keçirilir.

 Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8.000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30.200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. “Masdar”  şirkəti  isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4.000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8.5 mlrd. ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirib.

IMG 20200109 WA0017

IMG 20200109 WA0018

IMG 20200109 WA0016

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.