Energetika Nazirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Xalqımızın müstəqillik uğrunda mübarizə tarixində mühüm yer tutan 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Energetika Nazirliyində anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək, 30 il əvvəl Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərdən, yüzlərlə günahsız insanın qətlə yetirilməsindən danışıb, 20 Yanvar hadisəsini xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biri kimi qiymətləndirib.

Nazir müavini qeyd edib ki, belə bir çətin və mürəkkəb şəraitdə, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, sovet qoşunlarının hərbi təcavüzü nəticəsində Bakıda törədilmiş kütləvi qırğınlara siyasi-hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən kəskin bəyənatla çıxış edib. Məhz ulu öndərin səyi və təşəbbüsü nəticəsində 20 yanvar hadisələrinə dair həqiqətlər üzə çıxıb və faciəyə dövlət səviyyəsində siyasi qiymət verilib. Bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən 20 yanvar faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılır.

Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur. Xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi naminə canlarını qurban vermiş qəhrəman övladlarımız qəlbimizdə yaşayır və əbədi yaşayacaq.

Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

IMG 2296

IMG 2293

IMG 2295

IMG 2297

IMG 2291

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.