Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

 

Energetika Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində beynəlxalq təşkilatlar, dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə “Azərbaycanın Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planı” layihəsi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev ölkədə energetika sahəsində aparılmış islahatlardan danışaraq, enerji resurslarından səmərəli və effektiv istifadənin təmin edilməsi məqsədilə Avropa İttifaqının “EU4Energy” Proqramı  çərçivəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, bu istiqamətdə növbəti addım olaraq Enerji Effektivliyinə dair Birinci Milli Fəaliyyət Planı layihəsi hazırlanıb və ilkin variant İşçi Qrupuna təqdim edilib. Milli Fəaliyyət Planı 2021-2025-ci illəri əhatə edəcək və bügünkü müzakirələrdə layihə üzrə rəy və təkliflər öyrəniləcək.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Enerji məsələləri üzrə müşaviri Dangis Versətskas Milli Fəaliyyət Planının əhəmiyyətindən danışaraq, enerji effektivliyinə dair qənaət tədbirlərinin vacibliyini vurğulayıb və layihə üzrə görülmüş işlər barədə məlumat verib.

İclasda Milli Fəaliyyət Planı ilə bağlı enerjiyə qənaət və enerji effektivliyi üzrə hədəflər nəzərdən keçirilib, bu sahədə inzibati və institusional strukturun gücləndirilməsi, enerji effektivliyinə dair monitorinq və hesabat sisteminin yaradılması, maarifləndirmə işlərinin aparılması ilə bağlı təkliflər diqqətə çatdırılıb. 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planına təklif olunan enerji təchizatı, sənaye, nəqliyyat və kənd təsərrüfatı sektorları, binalar və bələdiyyə xidmətləri üzrə tədbirlər barədə məlumat verilib, bu tədbirlərin həyata keçirilməsi nəticəsində gözlənilən enerji qənaəti və tələb olunan investisiyaların qiymətləndirilməsi ilə bağlı təqdimatlar dinlənilib, İşçi Qrupunun rəy və təklifləri üzrə müzakirələr aparılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.